İslam suallarda

Sulu qəlyan çəkmək dini baxımdan icazəlidirmi?

Sulu qəlyan çəkmək, siqaret çəkmək kimi, əksər müctəhidlərin və din alimlərinin rəyinə görə öz-özlüyündə haram deyil. Əgər qəlyana alkoqol və narkotik maddələr qatılarsa, qəti surətdə haramdır. Amma yalnız tütün və ətirli meyvə qatqılarından istifadə edilsə, əksər alimlərə görə icazəlidir. Bəzi qeyri-dini mənbələrdə yayımlanan məlumatlara görə, sulu qəlyanın insan orqanizminə təsiri adi siqaretin təsirindən dəfələrlə çoxdur. Adətən sulu qəlyanda nikotinin və qətranın miqdarı siqaretə nisbətən az olur, amma əvəzində, qəlyan çəkərkən ciyərlərə daxil olan dəm qazının miqdarı siqaretə nisbətən dəfələrlə artıqdır. Üstəlik, dəm qazı çox yüksək temperaturda olduğu üçün ziyanı da çox olur.

Bundan əlavə, sulu qəlyan çəkmək gənclərdə müəyyən alışqanlıq yaradır, onlar tərəfindən komfort əlaməti kimi qəbul edilir. Bütün bunları nəzərə alaraq, bu vərdişi tərgitməyi müsəlmanlara tövsiyə edirik. Gənclər sulu qəlyan çəkməyə həsr etdikləri vaxtı faydalı işlərə ayırsalar, daha yaxşı olar.

Daha çox göstər
Back to top button