Kərbəla şəhidlərinin mübarək başları harada dəfn edilib?
Kərbəla şəhidlərinin başlarının sayı barədə mənbələrdəki məlumatlar fərqlidir. Şəhidlərin heç də hamısının başı kəsilməmişdir, bəzi qəbilələr öz mənsublarının başının kəsilməsinə icazə verməmişdilər. Kəsilmiş başlar əvvəlcə Kərbəladan Kufəyə – İbn Ziyadın hüzuruna, oradan da Şama – Yezidin hüzuruna aparılmışdır. Kəsilib aparılmış başların sayını fərqli mənbələrdə 72 və ya 70 (Təbəri), 70 (Şeyx Müfid, Şeyx Abbas Qumi), 78 (Əllamə Məclisi və Seyyid ibn Tavus) yazmışlar. Kəsik başlar böyük qəbilələr arasında paylanmışdı. Bəni-Kində qəbiləsi 13, Həvazin qəbiləsi 20 və ya 12, Bəni-Təmim qəbiləsi 17, Bəni-Əsəd qəbiləsi 6 və ya 16, Məzhic qəbiləsi 7, sair qəbilələr üst-üstə 7 və ya 13 baş gətirmişdilər. Əksər şiə mıənbələrinə görə, İmam Hüseynin (ə) başı İmam Zeynülabidin (ə) tərəfindən Kərbəlaya gətirilmiş və mübarək cənazənin yanında dəfn edilmişdir. Əhli-sünnə mənbələri şəhidlərin başlarının Şamda basdırıldığını xəbər verir. Daha başqa rəvayətlərə görə, Fatimilərin zamanında başlar Misrə aparılıb Qahirədə dəfn edildi. Hazırda Qahirədə Rəsül-Hüseyn (Hüseynin başı) adlı ziyarətgah mövcuddur.
Diməşq şəhərinin böyük came məscidində (Əməvilər məscidi) Rəsül-Hüseyn adlı məkan vardır.
Şəhərin kiçik qapısının yaxınlığında yerləşən Babüs-səğir məzarlığında da kiçik bir məqbərə mövcuddur. Burada 16 Kərbəla şəhidinin (o cümlədən, Həzrət Abbas, Həzrət Əliəkbər və Həbib ibn Müzahirin) başının dıfn edildiyi yazılır. Həyətdə iri bir qazan vardır ki, müqəddəs başların dəfndən qabaq bu qazanın içinə qoyulduğu rəvayət olunur.