Ailə üzvləri – ər və arvad – birlikdə camaat namazı qıla bilərmi və bu zaman imam-camaat kim olmalıdır?
Camaat namazının qılınması üçün iki nəfərin olması kifayətdir. Bu zaman bir nəfər imam-camaat kimi duracaq, digəri ona iqtida edəcək. Əgər namaz qılanlardan biri (ya bir neçəsi) kişi, o biri(ləri) qadındırsa, burada bir neçə məsələyə diqqət yetirmək lazımdır.
Birincisi, kişi ilə qadının birlikdə camaat namazı zamanı imam-camaat kişi olmalı, qadın ona iqtida etməlidir.
İkincisi, namaz zamanı kişi qabaqda, qadın ondan bir qədər arxada durmalıdır. Belə ki, qadının səcdədə alnını qoyduğu yer düz xətt üzrə kişinin dizlərinin dəydiyi yer bərabərində və ya ondan geridə olmalıdır. (İki kişinin camaat namazında bir xətt üzrə durmaları icazəlidir).
Üçüncüsü, kişinin imam-camaat olması onun ədalətli və düzgün qiraətli olmasına bağlıdır. Əgər kişi ədalətli deyilsə və ya namazın sözlərini düzgün şəkildə qiraət edə bilmirsə, bu halda öz namazını təklikdə, qadının da öz namazını təklikdə qılması lazımdır. Ümumilikdə imam-camaat üçün şəriətdə nəzərdə tutulmuş digər şərtlər də ailə üzvləri ilə qılınan namaz üçün qüvvədə qalır.