İnsan niyyətinin həyata keçməsi üçün 3 gün oruc tutmağı nəzir edir, amma ikinci ya üçüncü gün üzürlü səbəbdən oruc tuta bilmir. Bu halda üzürü aradan qalxdıqdan sonra orucu yenidən başlamalı yoxsa davam etməlidir?
Çox zaman insanlar hər hansı niyyətin həyata keçməsi üçün 3 və ya daha artıq gün oruc tutmağı nəzir edirlər. Bəzən bu orucu Ramazan ayına salırlar, amma orucu vacib olan Ramazan ayında nəzir orucu tutmaq olmaz.
İnsan 3 günlük nəzir orucunun ikinci ya üçüncü günündə üzürlü səbəbdən (xəstəlik, səfərə çıxmaq, qadınlarda heyz başlaması) orucu saxlamalı olarsa, bu halda həmin orucun niyyətini necə etməsinə diqqət yetirməlidir. Əgər orucu ardıcıl olaraq tutmağı nəzir etmişsə, hər hansı səbəb üzündən orucu başa vura bilməsə, gərək üzürü aradan qalxdıqdan sonra yenidən 3 gün ardıcıl oruc tutsun. Əgər ardıcıl tutmamağı nəzir edibsə və ya hansı qaydada oruc tutacağını müəyyən etməyibsə, bu halda üzürü aradan qalxdıqdan sonra orucu qaldığı yerdən davam etdirə bilər.