İslam suallarda

Niyə cənazə namazında digər namazlardakı mühüm əməllər yoxdur?

Şəriət hökmlərinin böyük bir qisminin səbəbi insanlara məlum deyil. Bəzi hökmlərin səbəbi Quran ayələrində və hədislərdə açıqlanmışdır, bəzi hökmlərə alimlər öz elmləri sayəsində izah tapmışlar. Lakin əlbəttə, insanların öz düşüncələri sayəsində tapdıqları cavabın da qəti və dəqiq olduğunu iddia etmək düzgün deyil. Çünki insan şüuru ilahi hikməti tam dərk etməkdə acizdir.

Cənazə üçün qılınan namazda digər namazlara məxsus bəzi mühüm şərtlər və əməllər yoxdur. Məsələn, cənazə namazına qoşulan şəxslərin dəstəmazlı olmaları vacib deyil. Bu namazda rüku, səcdə, təşəhhüd və salam yerinə yetirilmir. Bunun səbəbi aşağıdakı ola bilər: cənazə namazı əksər hallarda dəfndən az əvvəl, qəbiristanlıqda və ya mərhumun evində qılındığı üçün bu namaza qatılanların dəstəmaz almağa bəzən imkanı olmur. Həmçinin, bəzən qəbiristanlıqda səcdə üçün əyilməyə və oturmağa da şərait olmur. Cənazə namazında hazırlıqsız insanlar – təsadüfən qəbiristanlıqda keçən şəxslər də iştirak edə bilərlər. Bəlkə də bu səbəblər üzündən cənazə namazı gündəlik namazlara nisbətən daha sadə və yüngül şərtlərlə qılınır.

Daha çox göstər
Back to top button