İslam suallarda

Gecə namazının vaxtı nə zamandır və qəzaya gedirmi?

Gecə namazı ən çox məsləhət və təkid edilən müstəhəb namazlardandır. Dini kitablarda bu namazın fəziləti, onu ardıcıl qılan şəxsin çata biləcəyi mənəvi məqamlar ətraflı təsvir edilib. Məsumlar, eləcə də böyük din alimləri gecə namazını heç zaman tərk etməmişlər. Gecə namazı axşam işa namazından sonra növbəti günün sübh azanına kimi keçən müddət ərzində qılınır. Gecənin ikinci yarısında, yəni namaz cədvəllərində gecəyarısı kimi göstərilən vaxtdan sübh azanına kimi qılınması daha yaxşıdır. Ən savablı vaxtı isə gecənin son üçdən-bir hissəsidir. Şəriətdə gecə deyərkən axşam gün batdığı andan növbəti gün sübh azanına kimi olan müddət nəzərdə tutulur. Bu müddətin yarısı və daha yaxşı olar ki, son üçdən-bir hissəsi (sübh azanına daha yaxın) gecə namazının qılınması üçün uyğundur. Bütün müstəhəbbi namazlar kimi gecə namazı da vaxtında qılınmazsa, qəza etmək lazım deyil. Lakin bu namazın xüsusi əhəmiyyətini nəzərə alaraq alimlər demişlər ki, vaxtında qılınmamış gecə namazını sonrakı vaxt ərzində savab qazanmaq ümidi ilə də qılmaq olar.

Daha çox göstər
Back to top button