Quranda cənnətin adı fərqli formalarda çəkilir. Məgər cənnətlər fərqlidirmi?
Quranda cənnət müxtəlif adlarla xatırlanır. Bu adların bəziləri sadəcə sinonimdir. Bəzi adlar isə cənnətin dərəcələrini göstərir. Cənnətin də, cəhənnəmin də müxtəlif dərəcələri vardır. İnsanlar savab və günahlarının səviyyəsindən asılı olaraq, bu dərəcələrdə yer tutacaqlar. Savabı az olanla çox olan fərqli səviyyələrdə olacaq. Quranda cənnətin müxtəlif dərəcələrinin adı çəkilir. Məsələn: Ədn, Nəim, İlliyyun, Firdovs, Mə’va, Xüld, Aliyə, Rovzə və s. Ən üstün dərəcənin Firdovs olduğunu yazırlar. Hədislərdə bu dərəcələrin özəllikləri barədə məlumatlar verilir. Məsələn, Ədn cənnətində peyğəmbərlər, siddiqlər (doğrucullar) və şəhidlər məskunlaşacaq. Cənnətin qapılarının və bulaqlarının da adı var. Məsələn, Rəyyan qapısından orucu qayda-qanunla tutanlar, Mücahidin qapısından din yolunda cihad edənlər girəcəklər.