Restoranda ofisiant işləmək günahdırmı? Əgər günahdırsa, onun qıldığı namaz qəbul deyil?
Ofisiant işləmək öz-özlüyündə günah deyil. Amma bəzən restoran və yeməkxanalarda sifarişçilərə haram qidalar və içkilər də verilir. Məsələn, belə yerlərdə tez-tez araq içilir, arağı süfrəyə ofisiant gətirir. Haram işdə hər cür vasitə ilə iştirak etmək də haramdır. Arağı içmək günah olduğu kimi, onu hazırlamaq, satmaq, almaq, içmək üçün başqasına gətirmək də günah sayılır. Buna görə də ofisiantın haram yemək və içkiləri gətirməklə məşğul olması günahdır və bu yolla qazandığı pul da haram hökmündədir. Əgər onun vəzifələrindən biri də bu kimi işlərlə məşğul olmaqdırsa, tez bir zamanda iş yerini dəyişib halal bir işlə məşğul olmalıdır.
Bununla belə, hətta ofisiant süfrəyə spirtıi içki gətirsə də, onun namazlarının qəbul olmadığını söyləmək düz deyil. Namazın qəbul olmasına bu əməlin aidiyyatı yoxdur. Namaz müstəqil ibadətdir. Beləliklə, ofisiantın qıldığı namazlar da qəbuldur, inşallah.