Həzrət Adəm Peyğəmbər (ə) cənnətdə yaradılmış və oradan bu dünyaya göndərilmişdir?
Həqiqətən, bəzi dini mətnlərdə yer üzündə ilk insan olan Həzrət Adəmin (ə) cənnətdə yaradıldığı yazılıb. Lakin din alimlərinin bu mətnlərə verdikləri şərhə əsasən, bu cənnət axirətdə mömin insanların yerləşəcəkləri cənnət deyildi. Ərəb dilində “cənnət” sözü bağça, ağaclıq mənasını verir. Həzrət Adəmin (ə) ilk məskunlaşdığı məkan axirətdəki cənnətdən fərqli idi. Bizim cənnət adlandırdığımız məkanda Həzrət Adəmin (ə) yerləşməsi mümkün deyildi. Əvvəla, həmin cənnət öz “fəaliyyətinə” qiyamət günündən sonra, axirət aləmində başlayacaq. İkincisi, oraya insanların girişi öz müsbət əməllərinin mükafatı olaraq mümkün olacaq. Savab iş görmədən və cənnətə layiq olmadan cənnətə girmək mümkün deyil və ilahi ədalətə ziddir. Üçüncüsü, dini mətnlərdən məlum olur ki, həmin cənnətdən qovulmaq və çıxarılmaq mümkün deyildir. Nəhayət, dördüncüsü, Həzrət Adəm (ə) məhz yer üçün və dünya həyatından ötrü yaradılmışdı. Bütün bu səbəbləri ümumiləşdirərək deyə bilərik ki, Həzrət Adəm Peyğəmbər (ə) axirətdəki cənnətdə yox, oradan fərqli olan “cənnət” adlı məkanda məskunlaşmışdı. Bu məkanın harada yerləşdiyi barədə fikirlər fərqlidir.