Namazın səcdəsi zamanı alını möhürün hansı üzünə qoymaq daha yaxşıdır?
Cəfəri (şiə) məzhəbinə görə namazın səcdəsi zamanı alını, şəriətə uyğun olaraq, üzərinə səcdə edilməsi icazəli olan səthlərə qoymaq lazımdır. Səcdə üçün ən şərəfli əşya müqəddəs şəxslərin (məsum imamların) məzarı yerləşən məkanlardan götürülmüş torpaqdan hazırlanan möhür sayılır. Xüsusilə, İmam Hüseynin (ə) dəfn edildiyi Kərbəla torpağından hazırlanan möhürün üzərinə səcdə etməyin savabı daha çoxdur. Çox zaman möhürlərin bir üzündə müqəddəs adlar və ya müqəddəs ifadələr yazılır. Məsələn, “Allah”, “Sübhan Allah”, “Allahu əkbər” ifadələri, imamların adları və s. Kərbəla torpağından hazırlanmış möhürlərin üzərində bir qayda olaraq İmam Hüseynin (ə) adı və məzarının əksi, Məşhəd torpağından hazırlanmış möhürün üzərində isə İmam Rzanın (ə) adı və məzarının əksi həkk olunur. Səcdə zamanı möhürün hər iki üzünə alını qoymaq icazəlidir. Müqəddəs adlara toxunan zaman dəstəmazlı olmaq vacibdir. Çox zaman tərli alınla təmas zamanı möhürün üzəri kirlənir və qaralır. Bunu aradan qaldırmaq üçün həmin qaralmış hissəni (möhürün üzünü) qaşımaq kifayətdir. Möhürü qaşıyan zaman müqəddəs adlar da pozulmuş olacaq. Buna görə daha yaxşı olar ki, möhürün yazı və şəkil olmayan hamar üzünə səcdə edilsin. Bir daha təkrar edirik ki, bu, vacib deyil, yazı olan hissəyə də alını qoymaq olar.