Əgər insan məcburiyyət üzündən saqqalını dibindən qırxırsa, günah edirmi?

Bu mövzuda İslam alimlərinin fikirləri fərqlidir. Bəzi alimlər saqqalı istənilən formada saxlamağa və ya qırxmağa icazə verirlər. Bəzi alimlər sifətin müəyyən hissəsinin qırxılmasını icazəli bilirlər. Bəziləri isə saqqal saxlamağı mütləq vacib sayırlar. Müasir cəfəri məzhəbli müctəhidlərin əksəriyyətinin fikrincə, saqqalın tüklərini dibindən qırxmaq ehtiyata görə haramdır. Bu, o deməkdir ki, insan ya bu işi haram bilməli və etməməli, ya da təqlid etdiyi müctəhiddən elm baxımından bir pillə aşağıda olan, saqqalı qırxmağa icazə verən digər müctəhidin fətvasını əsas tutmalıdır. Qeyd edək ki, tükləri dibindən qırxmayan vasitə ilə (üzqırxan maşın və s.) saqqalı qısaltmaq, yanaqlarda, boğazda olan artıq tükləri qırxaraq saqqala səliqə vermək tam şəkildə icazəlidir. Lakin bəzi son dərəcə zəruri hallarda saqqalı qırxmaq da icazəli ola bilər. Məsələn, hrbi xidmət və bu kimi xüsusi şəraitlərdə saqqalı qırxmaq tələb edilirsə, bunu etməmək son dərəcə ağır çətinlik, cəza və s. yaradırsa, bu halda həmin şərait aradan qalxana kimi saqqalı qırxmaq insan üçün günah sayılmaz.