Cənabət qüslü alarkən saçları yumaq vacibdirmi? Saçları yumadan qüsl almaq olarmı?

Cənabət qüslü, eləcə də digər qüsllər zamanı bədənin bütün zahiri (çöl hissəsi) yuyulmalıdır. Bədəndə iynənin ucu boyda da olsa, islanmamış quru yer qalmamalıdır. Əgər bədənin hər hansı hissəsi hər hansı səbəb üzündən yuyulmasa (şəriəti bilməmək, unutqanlıq və ya digər səbəbdən), yaxud su ilə bədən arasında maneə yaransa və bədənin islanması mümkün olmasa, bu halda alınan qüsl düzgün sayılmır və həmin qüsllə ibadət etmək (namaz qılmaq) olmaz. Bədənin zahiri deyərkən bütün dəri örtüyü nəzərdə tutulur (qulaq dəlikləri, burun dəlikləri kimi iç qismlər istisna olunur). Saçlara gəlincə, bu barədə məşhur müctəhidlərin fikirləri fərqlidir. Bəzi müctəhidlər qüsl zamanı saçların və başın dərisinin isladılmasını vacib bilirlər. Bəzi müctəhidlərin (məsələn Ayətullah Sistani) rəyinə görə isə, qüsl zamanı bədəni örtən qısa tükləri mütləq yumaq lazımdır. Uzun tüklər isə, əgər onları yumadan altındakı dərini islatmaq mümkündürsə, yuyulmaya da bilər. Amma dərini islatmaq yalnız uzun tükləri yumaqla mümkün olsa, bu halda tüklər də tam yuyulmalıdır. Beləliklə, bu rəyə görə qüsl zamanı saçları yumadan başın bütün dərisini su ilə islatmaq mümkün olsa, bununla kifayətlənmək icazəli sayılır.