Qüslün tərkib hissələrinin arasında fasilə vermək lazımdırmı?

Qüsldə vacib olan budur ki, insan ardıcıllıqla əvvəl baş və boyunu, sonra bədənin bütünlükdə sağ tərəfini, daha sonra bədənin bütünlükdə sol tərəfini su ilə islatsın. (Dəniz, çay kimi iri su hövzələrində suya dalmaqla yerinə yetirilən irtimasi qüsl istisnadır). Qüslün bu üç tərkib hissəsi göstərilən ardıcıllıqla yerinə yetirilməlidir. Onların arasında həddən artıq fasilə vermək düzgün deyil. Belə ki, fasilə “qüsl almır” deyiləcək dərəcədə çox olsa, düzgün sayılmaz.
Müctəhidlərin əksəriyyəti qüsl əməllərinin fasiləsiz ardıcıl şəkildə icra edilməsini kifayət bilirlər. Amma Ayətullah Seyyid Sistaninin fətvasına görə, duşun altında qüsl alan zaman baş və boyunu yuduqdan sonra azacıq fasilə verib suyun altından kənara çəkilmək, sonra yenidən suyun altına girib sağ tərəfi yumaq lazımdır. Sağ tərəf yuyulduqdan sonra da suyun altından azacıq kənara çəkilib, sonra sol tərəfi yumağa başlamaq lazımdır.