İslam suallarda

İstiğfar nə deməkdir və tövbədən fərqi varmı?

“İstiğfar” sözünün hərfi tərcüməsi “bağışlanma diləmək”dir. Bəndənin öz günah və nöqsanlarına görə Allahdan bağışlanma diləməsinə dini terminologiyada “istiğfar” deyirlər. Bəzən tövbə ilə istiğfar anlayışlarını eyni qəbul edirlər. Bu anlayışlar arasında oxşarlıq olsa da, fərq də mövcuddur. Belə ki, tövbə – konkret olaraq hər hansı günahdan sonra peşman olmaq, həmin günahı bir daha etməmək barədə Allah qarşısında əhd bağlamaq və Allahdan bağışlanma diləməkdir. Tövbə insanın boynuna məsuliyyət gətirir, tövbəni pozmaq olmaz. İstiğfar etmək üçün isə konkret olaraq hər hansı günahı nəzərdə tutmaq lazım deyil. İnsan məsum olmadığı üçün istər qəsdən, istərsə də bilməyərəkdən çoxlu günah və səhvə yol verir. Mömin insan bunları nəzərə alıb həmişə Allahdan bağışlanma diləyər və gələcək nöqsanlardan onu qoruması üçün Allaha dua edər. Hətta möminlər əllərində imkan olduğu halda müstəhəb əməl etmədikdə və savab imkanını itirdikdə istiğfar edib Allahdan əfv diləyərlər.

Daha çox göstər
Back to top button