Kitablarda “birinci Məclisi” və “ata Məclisi” kimi xatırlanan alim kimdir?
XVII əsrin böyük cəfəri alimi Məhəmməd Təqi Məclisi (vəf. 1660) İsfahanda doğulmuşdur. Ata tərəfdən məşhur alim Əbu Nüeym İsfahaninin nəslindəndir. Atası Məqsud Əli İsfahani həm ruhani alim, həm də şair idi, cəmiyyət içində çox olduğundan və məclislərdə tez-tez iştirak etdiyindən özünə “Məclisi” təxəllüsünü götürmüşdü. Məhəmməd Təqi ilk təhsilini atasından almış, daha sonra Şeyx Bəhai, Molla Abdullah Şüştəri, Mir Damad kimi böyük alimlərin tələbəsi olmudur. O, “Bihar əl-ənvar” adlı fundamental hədis məcmuəsini tərtib etmiş Əllamə Məhəmməd Baqir Məclisinin atasıdır; buna görə onu dini kitablarda “birinci Məclisi” və “ata Məclisi” ləqbləri ilə təqdim edirlər.
Məhəmməd Təqi Məclisi fiqh, təfsir, hədis, rical elmlərində öz zəmanəsinin ən böyük alimlərindən biri sayılırdı, xüsusilə, hədis elmlərində mütəxəssis idi. O, cəfəri məzhəbinin dörd əsas hədis məcmuəsindən biri olan Şeyx Səduqun “Mən la yəhzuruh əl-fəqih” kitabına ərəbcə “Rövzət əl-müttəqin” və farsca “Ləvamei-sahibqirani” adlı şərhlər, Şeyx əl-taifə Tusinin “Təhzib əl-əhkam” kitabına və “Səhifət əl-Səccadiyyə”yə şərhlər yazmışdır.