İslam suallarda

Haram yolla cünüb olmuş şəxsin təri ilə namaz qılmaq düzgündürmü?

Haram yolla cünüb olmuş şəxs deyərkən, şəriətin icazə vermədiyi hallarda və üsullarla boynuna cənabət qüslü gəlmiş şəxs nəzərdə tutulur – məsələn, zina etməklə, Ramazan ayında gündüz vaxtı, heç bir üzrü olmadan, oruc tutmalı olduğu halda öz həyat yoldaşı ilə cinsi əlaqədə olmaqla, istimna etməklə və s. hallarda cənabətli olan şəxs. Bu şəxs cünüb olduğu andan qüsl aldığı ana kimi tərləsə, təri haram yolla cünüb olmuş adamın tərinin hökmünü daşıyır. Bəzi müctəhidlər bu təri pak, bəziləri murdar sayır, bəziləri pak saysa da, bu tərə bulaşmış bədən və ya paltarla namaz qılmağa icazə vermirlər.

Məsələn, Ayətullah Seyyid Sistani haram yolla cünüb olmuş şəxsin tərini mütləq mənada pak hesab edir və bu tərlə namaz qılmaqda maneçilik görmür. Digər əksər müctəhidlər isə, bu tərlə namaz qılmağı ehtiyata görə icazəli bilmirlər.

Əgər bir müctəhid haram yolla cünüb olmuş şəxsin tərini pak bilir, amma ehtiyata görə bu tərlə namaz qılmağa icazə vermirsə, buna müstəhəb ehtiyat deyirlər. Bu halda həmin müctəhidə təqlid edən şəxs hansı yolu seçməkdə ixtiyar sahibidir, – istəsə, bu tərə bulaşmış bədən ya paltarla namaz qılar, istəməsə qılmaz.

Əgər müctəhid fətva vermədən, ehtiyata görə haram yolla cünüb olmuş şəxsin təri ilə namaz qılmağı düzgün saymırsa, buna vacib ehtiyat deyirlər. Bu halda həmin müctəhidə təqlid edən şəxs gərək ya ehtiyata əməl etsin, yəni həmin tərlə namaz qılmasın. Ya da elm səviyyəsinə görə həmin müctəhiddən sonra gələn müctəhid əgər bu məsələdə dəqiq fətva veribsə, adam gərək bu fətvaya əməl etsin.

Haram yolla cünüb olmuş şəxsin tərini murdar sayan adam cünüb olduğu andan qüslə başladığı ana kimi tərləsə, gərək qüsldən əvvəl bədənini pak etsin, qüsl alan zaman tərləməməyə çalışsın, tərə bulaşmış paltarlarını da yuyub pak etsin.

Daha çox göstər
Back to top button