İnsanın öz ölüm vaxtını qabaqcadan bilməsi mümkündürmü?

Qurani-Kərimdə bəzi məsələlər qeybə aid biliklərdən sayılır. Bunlardan biri də ölüm haqqında qabaqcadan məlumat əldə etməkdir: “Heç kəs səhər nə kəsb edəcəyini (savab, yaxud günah qazanacağını), heç kəs harada öləcəyini bilməz. Allah isə, şübhəsiz ki, (hər şeyi) biləndir, (hər şeydən) xəbərdardır!” (Loğman, 34). Qeyb bilikləri mütləq mənada yalnız Allah-Taalaya tam şəkildə məlumdur. Qeyb biliklərinin bir hissəsini Allah Öz sevimli bəndələrinə ötürə bilər. Bunun üçün Allaha layiqli bəndə olmaq lazımdır. Peyğəmbərlərin və imamların demək olar ki hamısı öz ölüm vaxtını və şəraitini qabaqcadan bilmiş, bunu bəzən öz ətrafındakılara da bildirmiş, buna hazır olmuşlar. Bəzi övliyalar – Allah dostları, böyük din alimləri də öz ölüm tarixləri barədə Allahdan məlumat almışlar. Lakin bütün övliyaların bunu bilməsi mütləq deyil. Yəni öz ölüm tarixini qabaqcadan bilməyən şəxsin Allahın sevimli bəndəsi olmadığını iddia edə bilmərik.