Qadının guya kişinin qabırğasından yaradılqığı barədə deyilənlər dini baxımdan düzgündürmü?
Əsasən qeyri-İslam mənbələrində qeyd edilib ki, guya Allah-Taala Həvvanı Həzrət Adəmin (ə) qabırğasından yaratmışdır. Buna oxşar bəzi rəvayətlərə islami mənbələrdə də rast gəlinir. Bu fikrə istinad edərək qadının əyri qabırğadan yaradıldığı, buna görə də naqis yaradılışa malik olduğu düşünülür. Lakin bu kimi rəvayətlər hədisçilik elmi baxımından və digər səhih hədislərlə müqayisə edilməklə mötəbər sayılmır. Səhih hədislərə görə Həzrət Adəmlə (ə) Həvvanın yaradılışı iki müstəqil formada baş vermişdir, onlardan birinin o birindən yaradıldığını və buna görə də ondan alçaqda durduğunu düşünmək yanlışdır. Bəzi hədislərdə Həvvanın Həzrət Adəmin (ə) yaradıldığı materialdan, yəni eyni gildən yaradıldığı deyilir. Bu hədislərə görə Allah-Taala Həzrət Adəmi (ə) yaratdıqdan sonra qalan gildən Həvvanı da yaratmışdır. Kişi ilə qadın müstəqil varlıqlardır, aralarında fiziki, psixoloji, sosial və hüquqi fərqlər olması normaldır, lakin bu fərq qadının aşağılanmasına haqq qazandıra bilməz. İnsanların Allah qarşısında qədr-qiyməti onların yalnız təqvasından asılıdır.