Bəzi şəriət kitablarında rast gəlinən “məsalihi-mürsələ” məfhumunun mənası nədir?

Məsalihi-mürsələ əsasən əhli-sünnə məzhəbinə aid olan fiqh terminidir, şiə məzhəbindəbu fiqhi qayda mötəbər sayılmır. Əhli-sünnə fəqihlərin də buna münasibəti fərqlidir. Məsalihi-mürsələ elə tədbirlərdir ki, onların əsasında hökm vermək insanlara fayda yetirir və ya onlardan zərəri dəf edir; lakin bunların mötəbər olub-olmamasına dair hər hansı dəlil yoxdur. Məsalihi-mürsələ yalnız o zaman əhəmiyyət kəsb edir ki, hər hansı məsələdə Allah-Taala hökmü açıqlamayıb, qiyas yaxud icma ilə də hökmü sübut etmək mümkün deyil. Məsalihi-mürsələdə elə bir münasib xüsusiyyət olmalıdır ki, hər hansı şəriət hökmünün səbəbi kimi çıxış etsin və hökm ona tətbiq edilə bilsin.
Məsalihi-mürsələni mötəbər sayan alimlər onu yalnız aşağıdakı şərtlər daxilində qəbul etmişlər: 1. Məsləhət şəriətə görə etibarsız hesab olunmamalıdır.
- Məsləhətin fayda verəcəyınə əmin olmaq şərtdir.
- Məsləhət ümumi olmalidır, müəyyən insana və ya təbəqəyə yönəlmiş məsləhət düzgün sayılmır.
- Məsləhət mahiyyət baxımından məqbul olmalı, sağlam məntiqə malik olan insanlar tərəfindən qəbul edilməlidir.