Sələm (riba) hansısa hallarda icazəli sayıla bilərmi?
Sələmçilik (faizlə alver etmək) İslam şəriətində “riba” adlanır və böyük günahlardandır. Sələm sayılan tərzdə borc pul vermək və sələm şərtləri daxilində alış-veriş etmək hər iki tərəf üçün yolverilməzdir. Bu yolla əldə edilmiş qazanc da batil və haramdır. Lakin bəzi məhdud hallarda ribaya icazə verilir. Məsələn, ata ilə övlad bir-biri ilə riba əsasında müamilə edə bilərlər və bu onlara günah sayılmaz. Məsələn, ata öz oğluna, bir müddət sonra artıq qaytarmaq şərtilə borc pul verə bilər. Bu cür müamilə ərlə arvad arasında da icazəlidir. Eləcə də, müsəlmanların himayəsi altında olmayan kafirlə riba əsasında alış-veriş etmək olar. Məsələn, bir müsəlman şəxs xristian ölkəsində yerli əhalidən olan insandan müamilə zamanı faiz ala bilər. Amma müsəlmanların himayəsində olan kafirlə – məsələn, müsəlman ölkəsində yaşayan əhli-kitabla – riba alveri etmək icazəli deyil. İstisna budur ki, həmin əhli-kitabın dinində sələm icazəli sayılırsa, alver bitdikdən sonra əlavə olaraq ondan riba almaq müsəlmana da icazəli olar.