Qaynana kürəkənə, qaynata gəlinə məhrəmdirmi? Tərəflər arasında boşanma olsa və ya ər-arvaddan biri ölsə, bu məhrəmlik pozulurmu?
Şəriətə görə, əks cinslərin bəzi nümayəndələri bir-birinə məhrəm sayılırlar. Yəni onların arasında evlilik mümkün deyil və günahdır, bunlar bir-birinin yanında hicabsız (əxlaqa uyğun gündəlik geyim qaydasında) gəzə bilərlər. Qaynata və qaynana də insanın atası və anası kimidir. Yəni qaynata gəlinə, qaynana da kişiyə məhrəm sayılırlar. Bu məhrəmlik əbədi olaraq qüvvədə qalır. Əgər ər-arvad boşansalar da, bir-birinin ata-anası o birinə məhrəm sayılmaqda davam edir. Hətta əgər ər vəfat etsə də, onun atası keçmiş arvadına həmişəlik məhrəm qalacaq. Eləcə də, əgər qadın vəfat etsə, onun anası əri üçün həmişəlik məhrəmdir. Beləliklə, kəbindən sonra qaynata-gəlin və qaynana-bəy arasında məhrəmlik qaydası qüvvəyə minir və həmişəlik olaraq davam edir.