Alış-veriş platformalarından sifariş edib malı aldıqdan sonra bəyənmədiyini yazaraq pulunu geri almaq halaldırmı?
Beynəlxalq platformalarda onlayn şəkildə edilmiş alış-veriş də ticarətin bir növüdür və ticarətin bütün qaydalarına bu zaman riayət edilməlidir. Ticarətin mühüm şərtlərindən biri vicdana uyğun olmasıdır, qarşı tərəfi qəsdən aldatmaq, kələk gəlmək, pulu haqsız yerə mənimsəmək günahdır. Əgər ödənişdən sonra malı aldıqda malın yararsız olduğu yaxud təsvir edilmiş şəkildə olmadığı aşkara çıxsa, bu zaman tərəflər özləri razılığa gəlməlidirlər. Bu mümkün olmadıqda saytın arbitraj bölümünə müraciət etmək, sübutları təqdim etmək və onun verdiyi qərara uyğun davranmaq lazımdır. Əgər alıcı malı normal şəkildə aldıqdan sonra qəsdən və yalandan onun yararsız olduğunu söyləsə, bu halda satıcıya qarşı ədalətsizlik etmiş və onun haqqını mənimsəmiş olur. Satıcının müsəlman ya qeyri-müsəlman, konkret şəxs yaxud müəssisə olması fərq etməz. Bəzən insanlar qarşı tərəfdən haqsız yerə mənimsədikləri pula haqq qazandırmaq üçün “mənim az məbləğdə pulu geri almağımla iri şirkətə ya mağazaya nə ziyan gələcək ki?” deyirlər. Bu düşüncə kökündın yanlışdır, satıcının iri kapital sahibi olub-olmaması heç nəyi dəyişməz, doğruluq və vicdan hər zaman qorunmalıdır.