Etikaf nədir və əsas hökmləri nədən ibarətdir?
Etikaf ərəb dilindən tərcümədə “məcburiyyət, davamlı olaraq icra etmək, ətrafında dövrə vurmaq, tərk etməmək” kimi mənaları verir. İslam şəriətində etikaf ibadət növüdür. Öz-özlüyündə müstəhəbdir, amma nəzir demək, and içmək vasitəsilə insana vacib ola bilər. Bir neçə gün müddətində məscidə çəkilib bütün vaxtını namaz, dua, zikr, Quran tilavəti və sairə bu kimi ibadətlərə həsr etməyə deyilir. Etikafda olan şəxs oruc tutmalıdır. Etikafda olan şəxsin zərurət olmadan (ayaqyoluna getmək, dəstəmaz almaq və s. hallar nəzərdə tutulur) məscidi tərk etməsi qadağandır. Etikafa çəkilən adama akif və ya mütəkif deyirlər.
Həzrət Mühəmməd Peyğəmbər (s) və məsum imamlar 3 gün və daha artıq müddətdə etikafa girirdilər. Peyğəmbər hər ilin ramazan ayının son 10 günündə etikafa çəkilirdi. Hətta hicrətin 2-ci ilində ramazan ayında baş vermiş Bədr savaşı zamanı etikafa girə bilmədiyi üçün növbəti il bunu qəza etmişdi.