Ərlə arvadın biri dünyasını dəyişdikdə o birisi onun cənazəsinə qüsl verə bilərmi?
Dünyasını dəyişmiş şəxsin cənazəsi ilə bağlı yerinə yetirilməli vacib dini ayinlərdən biri ona şəriətə uyğun olaraq meyyit qüslü verilməsidir. Meyyit qüslünü adətən mərhumun özü ilə eyni cinsdən olan şəxslər – yaxın qohumları və yaxud bu iş ilə məşğul olan şəxs – verirlər. Bu zaman meyyitin övrət yerləri parça ilə örtülür və onun üzərindən həmin üzvlər yuyulur. Hətta yaxşı olar ki, meyyitin bütün bədəni parça ilə örtülüb altından bədəni yuyulsun. Amma ər arvada, arvad da ərə məhrəm sayıldığı üçün bunlardan biri öldükdə o birisi onun cənazəsinə qüsl verə bilər. Sağlıq zamanındakı məhrəmlik əlaqəsi ölümdən sonra da qüvvədə qalır. Ərlə arvadın biri o birinə qüsl verəndə hətta məhrəm yerləri görməsi də günah deyil, amma məkruhdur (bəyənilməzdir).