Öhdəsində qəza namazları olan şəxs gecə namazı və bu kimi müstəhəb namazlar qıla bilərmi? Öhdəsində qəza orucu olan şəxs müstəhəb oruc tuta bilərmi?
İslam şəriətində ibadət əməlləri dini məsuliyyət baxımından əsasən iki hissəyə bölünür: vacib (fərz) olan ibadətlər və müstəhəb ibadətlər. Vacib (fərz) ibadətlər hər kəsin fərdi olaraq yerinə yetirməli olduğu əməllərdir ki, bunları icra etməmək günahdlr və Allah qarşısında məsuliyyət yaradır. Müstəhəb ibadətləri etmək isə vacib deyil, amma insana savab gətirər. Əlbəttə, ilk növbədə insan öz vacib olan ibadətlərini vaxtında yerinə yetirməyə çalışmalıdır. Bir şəxsin boynunda qılmalı olub, amma qılmadığı namazların qəzası varsa, yaxşı olar ki, onları icra etməkdə səhlənkarlığa yol verməsin. Amma qəza namazlarının varlığı müstəhəb namaz qılmağa mane olmaz, bunların ikisini paralel şəkildə etmək də mümkündür. Din alimlərinin (müctəhidlərin) rəyinə görə, qəza orucları ilə bağlı vəziyyət fərqlidir. Bir şəxsin öhdəsində qəza orucu varsa, onu qəza etməyincə müstəhəb oruc tutması düzgün deyil. Əvvəlcə qəza oruclarını tutmalı, onları bitirdikdən sonra müstəhəb oruc tutmalıdır.