İslam suallarda

Hansı məkanlarda namaz qılmaq bəyənilmir?

Namazın məkanı ilə bağlı bəzi hökmlər vacib və haram, bəziləri isə müstəhəb (bəyənilən) və məkruh (bəyənilməz) hökmünü daşıyır. Bəzi məkanlarda namaz qılmaq haram olmasa da, məkruhdur, yəni bu məkanlarda qılınan namazın savabı azdır. O cümlədən, insanla üz-üzə duraraq, canlı (insan və ya heyvan) təsviri (və ya heykəli) ilə üzbəüz duraraq, yaxud belə təsvirin olduğu otaqda namaz qılmaq, mətbəxdə (yəni ocaq olan məkanda), hamamxanada namaz qılmaq, açıq qapının qarşısında namaz qılmaq. İnsanların keçib-getdiyi yol və səkidə namaz qılmaq əgər başqalarına maneçilik törədərsə haram, maneçilik törətməzsə məkruhdur. Həmçinin, qəbristanlıqda, qəbirlə üzü-üzə duraraq namaz qılmaq da bəyənilmir. Hətta müqəddəs məkanlarda ziyarət namazı qılarkən qəbirlə üz-üzə durmamağa çalışmaq lazımdır. Qarşıda duran insanla maneə yaratmaq və məkruhluğu ortadan qaldırmaq üçün araya çubuq və ya uzun təsbeh qoymaq olar. Canlı insan təsviri olan otaqda qılınan namazın məkruhluğunu aradan qaldırmaq üçün isə həmin təsvirin (ya heykəlin) üzərinə pərdə örtmək məsləhətdir. Bir daha qeyd edirik ki, burada qeyd edilən şəraitlərdə namaz qılmaq haram (günah) deyil, məkruhdur, yəni bu namaz qəbul edilir, amma savabı azdır.

Daha çox göstər
Back to top button