Təvəlla və təbərra nədir?
Ərəb dilindən tərcümədə təvəlla – dostluq, təbərra isə üz çevirmək, rədd etmək mənasını verir. Təvəlla və təbərra nümunəvi müsəlman əxlaqının ən vacib elementlərindəndir. Cəfəri məzhəbində təvəlla və təbərra füruüd-dindən sayılır.
Təvəllanın mənası budur ki, müsəlman hər zaman Allahın sevdiyi insanları sevməli, Allahın mömin bəndələri ilə, haqqın tərəfdarları ilə dostluq və həmrəylik halında olmalıdır. Təbərra isə bu deməkdir ki, müsəlman həmişə Allahın düşmənləri ilə düşmənçilik etməli, Allahın sevmədiyi insanlardan üz çevirib uzaqlaşmalıdır. İmam Cəfər Sadiq (ə) buyurub: “İman zəncirinin ən möhkəm halqası Allah naminə sevmək, Allah naminə düşmənçilik etmək, Allaha xatir vermək və Allaha xatir əsirgəməkdir”.
Təvəlla və təbərra yalnız insanın müasirləri olan yaxşı və pis adamlara münasibətlə məhdudlaşmır. Yüz illərlə əvvəl yaşamış şəxslərin ruhuna, xatirəsinə və əməllərinə münasibət göstərmək də təvəlla və təbərra sayılır. Allah dostları həyatda olmasalar da, ruhları ehtiramla yad edilməli, əməlləri təqdir olunmalı, sözləri mötəbər sayılmalıdır. Əksinə, din və əqidə düşmənlərinin həm ruhu, həm ideologiyası, həm də söz və əməlləri rədd edilməli, onların çirkin siması tanıtdırılmalıdır.
Təvəlla və təbərranı imkan dairəsində əməllə, bu mümkün olmadıqda dillə icra etmək lazımdır. Əgər şərait bunlara imkan verməsə, heç olmazsa, insan ürəyində yaxşı və pis adamlara öz münasibətini bildirməlıdir. Təvəlla və təbərra müsəlmanı laqeyd və məsuliyyətsiz həyat tərzi sürməyə qoymur, onu öz mövqeyini ortaya qoymağa, öz iradəsini nümayiş etdirməyə sövq edir.