Səfəvilər sülaləsi ilk zamanlarda hansı məzhəbdə olmuşdur?
Bəzi tədqiqatçılar Səfəvilər sülaləsinin XV əsrin ortalarınadək əhli-sünnə əqidəsində olduğunu, ilk dəfə Şeyx Cüneydin, daha sonra oğlu Şeyx Heydərin şiəliyi qəbul etdiklərini yazırlar. Bunun əksinə olaraq, bəzi tədqiqatçılar Səfəvi sülaləsini yeddinci imam Musa Kazimin (ə) nəslinin nümayəndələri olaraq ənənəvi şiə sayır, Şeyx Səfiəddin Ərdəbili də daxil olmaqla, səfəviyyə şeyxlərinin şiə məzhəbinə inandıqlarını, amma təhlükəsizlik səbəbləri üzündən bunu bəzən gizlətməyə məcbur olduqlarını (təqiyyə) iddia edirlər. Hər iki mövqeyin tərəfdarları klassik tarixi mənbələri, o cümlədən “Səfvət əs-səfa” kitabının fərqli nüsxələrindəki ifadələri sübut gətirirlər.
Hər bir halda XV əsrin birinci yarısından etibarən səfəviyyə şeyxləri bölgənin siyasi həyatında fəal iştirak etmişlər. Həmin əsrin ortalarında Şeyx Cüneyd şiə məzhəbini açıq şəkildə təbliğ etməyə başlamış, Yaxın Şərqin şiə-ələvi icmaları ilə sıx əlaqələr qurmuşdur. Şeyx Heydərin öz ardıcıllarına 12 imamı simvolizə edən 12 zolaqlı qırmızı papaq (qızlbaş papağı) geyindirməsi nəticəsində səfəvilik qəti şəkildə şiə siması almışdır.