İslam suallarda

Namaz zamanı insan iki deyil, bir səcdə etdiyini anlayarsa, nə etməlidir?

Hər rükətin iki səcdəsi namazın rüknü (vacib hissəsi) sayılır, qoşa səcdəni tərk etmək namazı batil edər. Amma bir səcdə rükn sayılmır. Əgər insan rükətin səcdəsini etdikdən sonra növbəti əmələ başladıqda qoşa deyil, bir dəfə səcdə etdiyini xatırlasa, bu zaman aşağıdakı qaydada əməl etməlidir. Əgər növbəti rükətin rükn sayılan əməlinə – yəni rükuya çatmazdan əvvəl bunu xatırlasa, bir dəfə səcdə etməli, daha sonra növbəti rükətə yenidən başlamalıdır. Məsələn, birinci rükətin səcdəsindən sonra ayağa qalxıb Həmd-surə oxuduğu zaman səcdələrin birini unutduğunu anlasa, həmin səcdəni yerinə yetirməli, bir daha ayağa qalxıb Həmd-surə oxumalıdır. Əgər bu hal ikinci rükətdən sonra, üçüncü rükətin qiraətində baş versə, unudulmuş səcdəni yerinə yetirməli, ardınca təşəhhüdü oxumalı, qalxıb üçüncü rükətə başlamalıdır. Hər iki halda namazı bitirdikdən sonra artıq hərəkətlərə (ayağa qalxmaq və ya təşəhhüd oxumaq) görə bir cüt səhv səcdəsi yerinə yetirməlidir. Əgər bir səcdəni unutduğunu növbəti rükətin rükusunda ikən və ya daha sonra xatırlasa, namaza davam etməli, axırda bir cüt səhv səcdəsi yerinə yetirməlidir.

Daha çox göstər
Back to top button