Barmaqda yod və ya zelyonka ləkəsi dəstəmaza maneçilik törədirmi?
Dəstəmazın (eləcə də qüslün) mühüm şərtlərindən biri budur ki, su bütün dəstəmaz (qüsl) üzvlərinə maneəsiz dəyməlidir. Yəni su ilə dəri arasında hər hansı maneə olmamalıdır. Əgər arada maneə varsa, mütləq əvvəlcə onu aradan qaldırmaq, sonra dəstəmaz (qüsl) almaq lazımdır. Zinət əşyaları, dəri üzərində ləkələr və s. bu qəbildəndir. Ləkə deyərkən dəri üzərində təbəqə yaradan və dərinin su ilə islanmasına imkan verməyən ləkələr nəzərdə tutulur, bunların üzərinə əl ilə toxunduqda həmin maneə təbəqə hiss edilir. Təmir və s. zamanı istifadə edilən rəng (boya), yapışqan və s. bura aiddir. Amma hər hansı ləkə artıq dəriyə hopmuşsa, onun üzərində xüsusi təbəqə yaratmamışsa, bunun dəstəmaza maneçiliyi yoxdur. Məsələn, həna (xna), zelenka, yod ləkələri quruduqdan bir müddət sonra dəriyə elə hopur ki, yumaqla və ya sürtməklə aradan qaldırmaq çətin olur. Bunlara əl ilə təmas etdikdə də dərinin üzərində dəyişiklik hiss edilmir. Bu qəbildən olan ləkələrin üzərindən dəstəmaz və ya qüsl almaq icazəlidir.