Cənabətli adam suyun azlığı üzündən qüsl əvəzinə təyəmmüm edib namazını qılır. Sonra paklığı pozularsa, növbəti namaz üçün nə etməlidir?
![](/wp-content/uploads/2024/12/que_stock_image.jpg)
Şəriətə əsasən, insan qüsl almaq üçün kifayət edəcək qədər su tapmasa, yaxud qüsl almaq onun sağlamlığı üçün zərər törətsə, bu halda namaz qılmaq üçün “qüsl əvəzinə niyyəti ilə” təyəmmüm etməlidir. Cənabət qüslünün əvəzinə təyəmmüm etmiş şəxsin dəstəmaz almasına ehtiyac yoxdur, həmin təyəmmümlə namaz qıla bilər. Əgər növbəti namaza kimi qüsl almağa imkan yaransa (su tapsa yaxud sağalsa), qüsl almalıdır. Əgər növbəti namaza kimi qüsl almağa imkan tapmasa, paklığı pozulmayınca həmin təyəmmümlə namaz qıla bilər. Paklığı pozulduqdan sonra isə, bəzi müctəhidlərə görə, növbəti namazlar üçün dəstəmaz alması kifayətdir. Əgər dəstəmaz almaq üçün də imkanı yoxdursa (su tapmamışsa yaxud dəstəmaz almaq sağlamlığı üçün ziyandırsa), bu halda “dəstəmaz əvəzinə niyyəti ilə” təyəmmüm etməlidir. Bəzi müctəhidlərə görə isə, paklığı pozulduqdan sonra hər namaz üçün həm təyəmmüm etməli, həm də dəstəmaz almalıdır; əgər dəstəmaz almağa imkanı olmasa, “qüsl əvəzinə niyyəti ilə” təyəmmümdən əlavə, “dəstəmaz əvəzinə niyyəti ilə” də təyəmmüm etməlidir.