Əndəlusda hakimiyyət sürən sülalə Əməvilər soyundan idimi və onlar bura necə gəlib-çıxmışdılar?
Miladi VIII əsrin əvvəllərindən etibarən Avropanın Pireney yarımadası (indiki İspaniya ərazisi) müsəlmanların intensiv hücumuna məruz qalmışdı. Əsas hissəsi Şimali Afrikanın yerli döyüşkən tayfalarından (bərbərlər) ibarət olan müsəlman qoşunu qısa müddət ərzində Pireneydə böyük ərazilər fəth etdi və bura Əndəus adlanmağa başladı.
750-ci ildə Yaxın Şərqdəki Əməvilər xilafəti (paytaxtı Dəməşq) süqut etdi. Hakimiyyətə gələn Abbasilər sülaləsi öz Əməvi rəqiblərini sürətlə sıxışdırıb aradan götürdü. Əməvi sülaləsinin əksər nümayəndələri öldürüldü. Bu sülalədən olan Əbdürrəhman yeni dövlətdə qalmağın təhlükəli olduğunu görərək Əndəlus ərazisinə keçdi və buradakı müsəlman torpaqlarına yiyələndi. Öz hakimiyyətini möhkəmlətməyə başı qarışmış Abbasilər ona mane ola bilmədilər.
Əbdürrəhman onuncu Əməvi xəlifəsi Hişamın nəvəsi idi, Əndəlusa kənardan gəldiyi üçün ona “Daxil” (gəlmə) ləqəbi vermişdilər. Əbdürrəhman və xələfləri Əndəlus torpaqlarında Kordova əmirliyini (756-929) yaradıb idarə etdilər, sonralar bu dövlət Kordova xilafəti adlandırıldı (929-1031). Daha sonrakı 4 əsr yarım boyunca da müsəlman tayfaları Əndəlus torpaqlarını idarə etmiş, 1492-ci ildə buradakı müsəlman hakimiyyətinə son qoyulmuşdur.