İslam suallarda

Məsciddə hansı qaydalara riayət etmək bəyənilir və bəyənilmir?

Şəriət kitablarında məsciddə davranış qaydaları barədə hökmlər öz əksini tapıb. Bunlardan bəziləri mütləq məna daşıyır və onları pozmaq günah gətirir – məsələn, cənabətli və heyzli şəxsin məscidə daxil olması, məscidi murdarlamaq, zibilləmək günahdır.

Bəzi əməllər isə müstəhəb (bəyənilən) və məkruh (bəyənilməyən) hökmündədir. Bunların sırasında aşağıdakıları qeyd etmək olar: Müstəhəbdir ki, məscidə daxil olan şəxs məscidin hörmətinə 2 rükət namaz qılsın. Məscidə girərkən əvvəlcə sağ ayağı içəri qoymaq, məsciddən çıxarkən əvvəlcə sol ayağı çölə qoymaq savabdır. Məscidin səliqəsinə və təmirinə yardım göstərmək, kütləvi ibadət mərasimlərində müsəlmanlara xidmət göstərmək, məscidin işıqlandırılmasına və təmizliyinə qatılmaq da müstəhəbdir.

Bunun əksinə, ehtiyac olmadan məsciddə yatmaq, dünya işləri ilə məşğul olmaq və dünya işləri, qazanc və s. mövzuda söhbət etmək bəyənilmir. Məscidin daxilindəki sakitliyi pozmaq, uca səslə danışmaq, ucadan gülmək, qışqırmaq da məkruhdur. Məscidə gələn şəxs geyiminin təmizliyinə və səliqəsinə diqqət yetirməli, soğan, sarımsaq kimi kəskin qoxulu yemək yedikdən sonra ağzını yuyub, sonra məscidə gəlməlidir.

Daha çox göstər
Back to top button