Dini mənbələrdə rast gəlinən “ruqyə” anlayışı nədir?
Ruqyə – hər hansı problemi aradan qaldırmaq məqsədilə oxunan Quran ayələri və dualara deyilir. Bu söz əsasən ərəbdilli mənbələrdə işlədilir. Sinonim olaraq dua, təviz, hirz kimi ifadələr də keçərlidir. Ümumi mənada duadan fərqli olaraq, ruqyə əsasən hər hansı fiziki çətinlik (xəstəlik, orqanizmin zədələnməsi, zərərverici həşəratların dişləməsi və s.) zamanı Allahdan şəfa istəmək məqsədi ilə oxunur. Dini mənbələrdə fərqli ruqyə mətnlərinə rast gəlmək mümkündür. Bəzən hətta gözdəymə, cınvurma kimi problemlərin aradan qaldırılması üçün oxunan ayə və dualara da ruqyə deyirlər. Ən faydalı və tövsiyə edilən ruqyələr Fatihə, İxlas, Fələq, Nas, Qədr surələri, ayətəl-kürsi, nəzər duası (Qələm surəsinin son iki ayəsi), Allahın gözəl adları (əsmaül-hüsna) və s. sayılır.