İslam suallarda

İmam Əlinin (ə) Kəbədə dünyaya gəlməsinin dini mənbələrdə tutarlı sübutu varmı?

İmam Əli ibn Əbutalibə (ə) məxsus olan nadir fəzilətlərdən biri də o həzrətin Kəbə evində dünyaya gəlməsidir. Tarix boyunca ondan savayı heç kim bu şərəfə layiq görülməmişdir. İmam Əli (ə) Allahın evində – Kəbədə doğulmuş və Allahın evində – Kufə məscidində aldığı ölümcül yara ilə həyatını itirmiş yeganə şəxsiyyətdir.

Böyük alim Əllamə Əmini “əl-Ğədir” əsərində İmam Əlinin (ə) Kəbədə dünyaya gəlməsini öz kitablarında təsdiq etmiş onlarla alimin və şairin adlarını çəkərək, əsərlərindən sitatlar gətirir.

Hadisəni təsdiq edən alimlərin sırasında Hakim Nişaburi, İbn əl-Məğazili, Hələbi, Zəhəbi, İbn Əsir, İbn Cövzi, Alusi kimi məşhur alimlərin adına rast gəlirik. Mühəmməd ibn Təlhə Şafii, Gənci Şafii, Cüveyni Şafii, İbn Səbbağ Maliki, Səmhudi Şafii, Zərəndi Şafii, Şəblənci, Şah Vəliyyullah Dehləvi və başqa alimlər də öz kitablarında bu məsələni etiraf etmişlər.

Bu alimlərdən bəziləri İmam Əlinin (ə) Kəbədə doğuluşunu məşhur hadisə və mütəvatir rəvayət adlandırmışlar. “Mütəvatir” deyərkən, hər təbəqəyə mənsub çoxlu ravilərin rəvayət ediyi xəbər nəzərdə tutulur. Bu zaman həmin ravilərin yalançılıq zəminində əlbir olma ehtimalının qeyri-mümkünlüyü şərt qoyulur.

Əhli-sünnə aləmində ən məşhur hədis qaynaqlarından sayılan “əl-Müstədrək əla-l-Səhiheyn” kitabının müəllifi Hakim Nişaburi adıçəkilən əsərdə yazır: “Mütəvatir xəbərlərdən biri də budur ki, Əsədin qızı Fatimə Həzrət Əlini (ə) Kəbədə dünyaya gətirmişdir” (III cild, səh. 483).

“Şah Vəliyyullah” kimi tanınan Əhməd ibn Əbdüləziz Dehləvi “İzalət əl-xəfa” kitabında yazır: “Əsədin qızı Fatimənin Həzrət Əlini (ə) Kəbə evində dünyaya gətirməsi mütəvatir xəbərlərdəndir. Həqiqət budur ki, o, “fil ili” təqviminin 30-cu ili rəcəb ayının 13-ündə, cümə günündə Kəbədə doğulmuşdur. Ondan nə əvvəl, nə də sonra heç kim Kəbənin içində dünyaya göz açmadı”.

İmamın Kəbədə doğuluşu barədə müstəqil kitablar da qələmə alınmışdır. Bu mövzuda ən azı 5 müstəqil kitab məlumdur. Bunlardan birini böyük şiə alimi Şeyx Səduq qələmə almışdır. Daha bir kitabın müəllifi isə həmyerlimiz, zəmanəsinin böyük tədqiqatçı alimi Əllamə Mühəmməd Əli Ordubadidir (1895-1960). Ordubadi mövzu barədə dərin araşdırma aparmış, əqli və nəqli dəlillərə əsaslanaraq çıxış etmiş, irəli sürülən iradlara ətraflı və tutarlı cavablar vermişdir.

Daha çox göstər
Back to top button