Duanın müstəcab olması üçün qılınan namazın qaydası necədir?

Dini mətnlərdən məlum olur ki, duaların qəbul olması üçün müəyyən şərtlər və qaydalar mövcuddur. Həmin şərtlərə əməl etdikdə duanın Allah tərəfindən tez müddətdə müsbət şəkildə cavablandırılma ehtimalı yüksək olur. Belə yollardan biri də “hacət namazı” (yəni ehtiyac, istək namazı) adlı müstəhəb namazın qılınmasıdır.
Hacət namazı hər hansı halal istəyin həyata keçməsi üçün qılınan namazdır. Bunun müxtəlif cür qılınma qaydaları var. Bir rəvayətə görə, hacət namazı gecəyarısı (cümə gecəsi daha yaxşıdır) iki rükət şəklində qılınır, axırda 70 dəfə bu dua oxunur: “Ya əbsərən-nazirin, ya əsrəəl-hasibin, ya əsməəs-samiin, ya əkrəməl-əkrəmin, ya ərhəmər-rahimin, ya əhkəməl-hakimin”.
Tərcüməsi: “Ey bütün nəzarətçilərdən daha yaxşı görən, ey hamıdan daha tez hesab çəkən, ey bütün eşidənlərdən daha yaxşı eşidən, ey kəramətlilərin ən kəramətlisi, ey mərhəmətlilərin ən mərhəmətlisi, ey hökm edənlər içində ən adalətli hakim!”
Birinci rükətdə Fatihədən sonra üç dəfə ayətül-kürsi, ikinci rükətdə isə Fatihədən sonra İxlas, Fələq və Nas surələrini oxumaq məsləhətdir.
Namazdan sonra Allaha həmdü-səna etmək, Peyğəmbərə və nəslinə salavat söyləmək, bundan sonra öz istəyini dilə gətirmək tövsiyə edilir.