Ana bətnindəki uşağın cinsini qabaqcadan öyrənmək günahdırmı?

Ana bətnindəki uşağın cinsi ilə maraqlanmaq və bunu tibbi yolla öyrənmək öz-özlüyündə günah əməl deyil. Amma əvvəla, insan bilməlidir ki, tibbi avadanlıqların göstəricisindən asılı olmayaraq, hər şeyin düzünü bilən Allahdır. Qabaqcadan verilmiş hər bir proqnozda, hər bir həkim müayinəsində yanlış ola bilər.
İkincisi və ən mühümü isə, uşağın cinsini bildikdən sonra hansı addım atılmasıdır. Əgər uşağın cinsini öyrənməyin məqsədi doğuşa hazırlaşmaq, cinsinə uyğun olaraq uşaq üçün otaq hazırlamaq, zəruri əşyalar almaq və s.-dirsə, bunun eybi yoxdur. Amma təəssüf ki, bir çox ailələrdə uşağın cinsini öyrənmək böyük bir günahla nəticələnir. Qız övladı istəməyən valideynlər bətndəki körpənin qız olduğunu öyrənəndə ən böyük günahlardan biri olan aborta əl atırlar. Abort və ona müqəddimə olan hər bir əməl böyük günahdır, qətlə bərabər cinayətdir.