“Mal-dövlətiniz və övladınız sizin üçün bir imtahandlr” ayəsində imtahan deyərkən nə nəzərdə tutulur?

Qurani-Kərimin Ənfal surəsinin 28-si ayəsində buyurulur: “Bilin ki, mal-dövlətiniz və övladınız sizin üçün ancaq bir imtahandır. Ən böyük mükafat isə məhz Allah yanındadır!” Burada mtahan deyərkən nəyin nəzərdə tutulduğunu birmənalı və konkret olaraq söyləmək çətindir, çünki sualın bir neçə fərqli cavabları ola bilər.
Əvvəla, mal-dövlət rifahla yanaşı, həm də insanın boynuna öhdəlik və məsuliyyət gətirir. Mal-dövləti halal yolla qazanmaq, halal yolda xərcləmək, israf etməmək, simicliyə yol verməmək, ehtiyaclılara əl tutmaq lazımdır. Çox insanlar dünya malına aldanır və yuxarıda deyilən məsələlərə fikir vermirlər.
Övladın necə imtahan sayılacağı barədə isə bunları söyləmək mümkündür. Övladları düzgün tərbiyə edib böyütmək, halal-haramı onlara başa salmaq valideynin öhdəliklərinə aid olan məsələlərdir. Buna riayət edən valideyn savab qazanır, riayət etməyən isə günahkar olur. Həmçinin, bəzən valideynlər öz övladları ilə həddən artıq lovğalanır və çox övlad sahibi olmaqla fəxr edirlər. Bəzən ləyaqətsiz övlad öz valideyni üçün səbr imtahanına çevrilir. Övladını vaxtsız itirən valideyn də imtahan edilmiş kimi sayılır: Allahın bu qədərinə səbr edəcək ya yox. Bütün bu və digər səbəblər üzündən mal-dövlət və övlad insan üçün imtahan və sınaq vasitəsi sayıla bilər.