İmam Hüseynin (ə) həyatı

İmam Hüseyn (ə) Həzrət Mühəmməd Peyğəmbərin (s) ikinci nəvəsi, Ali-əbanın beşinci üzvüdür. Atası – Imam Əli ibn Əbu Talib (ə), anası Fatimeyi-Zəhradır (ə). Hicri 4-cü il şəban ayının 3-də (miladi 626-cı il) Mədinədə doğulmuşdur. Qardaşı Həsən (ə) kimi Onun da adının Həzrət Mühəmməd Peyğəmbər (s) tərəfindən qoyulduğu və o zamana kimi ərəblər arasında Hüseyn adına rast gəlinmədiyini yazırlar («Hüseyn» – «Həsən» (yaxşı, gözəl) sözünün əzizləmə və kiçiltmə formasıdır). Künyəsi Əbu Abdullah, məşhur ləqəbləri seyyidüş-şühəda (şəhidlərin ağası) və sarüllahdır (intiqamı Allahın öhdəsində olan şəxs).
Həzrət Hüseynin (ə) həyatının ilk 6 ili babası Həzrət Mühəmməd Peyğəmbərin (s) tərbiyəsi altında keçmişdir. Peyğəmbər Hüseyni (ə) hədsiz dərəcədə çox sevir, səhabələrin qarşısında belə, bu sevgini gizlətmirdi. Hüseyni (ə) öz qucağında minbərə qaldırır, səcdə halında Hüseyn (ə) Onun çiyninə qalxanda nəvəsini narahat etməmək üçün səcdəni uzadırdı. Islam Peyğəmbərinin Imam Hüseyn (ə) barədə buyurduğu aşağıdakı hədislər həm şiə, həm də əhli-sünnə mənbələrində dönə-dönə qeyd edilmişdir: «Hüseyn məndəndir, mən də Hüseyndənəm. Hüseyni sevəni Allah sevər». «Həsənlə Hüseyn cənnət gənclərinin ağalarıdır». «Həsənlə Hüseyn mənim ətirli reyhanlarımdır».
Rəvayətə görə, gələcəkdə Hüseynin (ə) məzlumluqla qətlə yetiriləcəyi və başının bədənindən ayrılacağı barədə Cəbrail Həzrət Mühəmməd Peyğəmbərə (s) qabaqcadan xəbər vermişdi. Buna görə də Peyğəmbər balaca Hüseynin (ə) boğazından öpüb ağlayır, öz yaxınlarını gələcək faciədən xəbərdar edirdi. Hətta Cəbrailin gətirdiyi Kərbəla türbətini Ümmi-Sələməyə verib saxlamasını tapşırmış və Hüseynin (ə) şəhid olduğu gün türbətin qana boyanacağını buyurmuşdu.
Hüseyn (ə) 7 yaşına çatmadan babasını, az sonra anasını itirdi, bundan sonra atası Əli ibn Əbu Talibin (ə) tərbiyəsi ilə böyüdü. Istər Həzrət Əlinin (ə) 25 illik sükut dövründə, istərsə də xilafət illərində Hüseyn (ə) Onun ən yaxın köməkçilərindən biri kimi tanınırdı. Həzrət Əlinin (ə) şəhadətindən sonra Hüseyn (ə) böyük qardaşı Imam Həsənin (ə) imamətini və siyasi mübarizəsini dəstəkləyirdi. O, mövcud şəraiti düzgün qiymətləndirərək, Imam Həsənin (ə) Müaviyə ibn Əbu Süfyanla bağladığı sülhü razılıqla qarşıladı.
H. 50-ci (m. 670-ci) ildə Imam Həsən (ə) Müaviyənin əmri ilə zəhərlədilib şəhid olduqdan sonra Həzrət Hüseyn (ə) imamət məsuliyyətini öz öhdəsinə aldı. O həzrətin imamlığı təqribən 10 il davam etmişdir. Onun Müaviyə ilə münasibətləri gərgin idi. Bununla belə, Imam Hüseyn (ə) qardaşı Həsənin (ə) Müaviyə ilə bağlamış olduğu müqavilənin şərtlərinə riayət edir, Müaviyə də Onun nüfuzunu nəzərə alaraq, açıq mübarizədən çəkinirdi. Müaviyə özündən sonra oğlu Yezid üçün camaaatdan beyət alarkən Imam Hüseyn (ə) beyətdən imtina etdi.
H. 60-cı ilin rəcəb ayında (m. 680-ci il) Müaviyə öldükdən sonra vəsiyyətinə əsasən Yezid hakimiyyətə keçdi. Müaviyə ilə Imam Həsən (ə) arasında bağlanmış müqavilənin son bəndi də bununla pozulmuş oldu. Belə bir şəraitdə Yezid kimi əxlaqsız, günahkar bir şəxsin müsəlmanlara başçılıq etməsi ilə razılaşmayan Imam Hüseyn (ə) ona beyət etməkdən boyun qaçırdı. Mədinə valisi ilə beyət barədə müzakirələrdən sonra Imam Hüseyn (ə) ailə üzvlərini də götürüb şəhərdən çıxdı və Məkkəyə yola düşdü. Bu yolla o həzrət həm vaxt qazanmaq, həm də Məkkə şəhərinin toxunulmazlıq statusundan yararlanaraq, özünün və yaxınlarının təhlükəsizilyini təmin etmək istəyirdi. Imamın Mədinədən çıxışı şəban ayının 3-nə təsadüf etmişdir.
Imam Hüseyni (ə) beyətə məcbur etməmək barədə Muaviyənin vəsiyyətinə məhəl qoymayan Yezid Məkkə şəhərində o həzrətə qarşı sui-qəsd təşkil etməyi planlaşdırırdı. Əvvəllər Həzrət Əlini (ə), sonra Imam Həsəni (ə) dəstəkləmiş, daha sonra siyasi mübarizə səhnəsində tənha buraxmış Kufə şiələri Imam Hüseynə (ə) məktub yazaraq, Onu şəhərə dəvət etməyə başladılar. Kufəlilər Yezidin hakimiyyətinə qarşı qiyam qaldırmaq və Imam Hüseyni (ə) qiyamın rəhbərliyinə gətirmək niyyətində idilər. Qısa müddət ərzində Kufədən 12 mindən artıq məktub gəldi. Imam Hüseyn (ə) vəziyyəti öyrənmək üçün öz əmisi oğlu Müslim ibn Əqili Kufəyə yolladı. Kufəlilər Müslimi səmimi qarşıladılar. On minlərlə kufəli Imam Hüseynin (ə) adına Müslimlə beyət etdi. Müslim ibn Əqil şəhərdəki vəziyyətin həqiqətən yazılanlara uyğun olduğu barədə Imama xəbər göndərdi. Imam Hüseyn (ə) ailə üzvləri, yaxın qohumları və silahdaşları ilə birlikdə zilhiccə ayının 8-də Məkkədən çıxıb Kufə istiqamətində yola düşdü.
Lakin Müslimin məktubundan sonra Kufədə vəziyyət köklü surətdə dəyişmişdi. Kufə valisi Nöman ibn Bəşirin zəifliyindən narahat olan Yezid onu vəzifəsindən uzaqlaşdırıb, öz zalımlığı ilə şöhrət qazanmış Übeydullah ibn Ziyadı şəhərə vali təyin etdi. Übeydullah dərhal Kufədə ciddi rejim tətbiq etdi, amansız cəza tədbirlərinə başladı. Üstəlik, Müslimin tərəfdarları arasında təxribat törətmək üçün casuslar göndərdi. Zilhiccə ayının 8-də Müslim ibn Əqil Übeydullah ibn Ziyada qarşı qiyam əmrini verdi. Əvvəlcə üstünlük Müslimin tərəfində idi. Buna baxmayaraq, əks tərəfin təbliğatı sayəsində bir neçə saat ərzində bütün silahdaşları onu tərk edib qaçdılar. Kufə həyətlərindən birinə pənah gətirmiş Müslimi xəyanətlə ələ keçirib, zilhiccə ayının 9-də qətlə yetirdilər. Imam Hüseyn (ə) bu xəbəri eşidəndə artıq Məkkədən çox uzaqda idi.
Übeydullah ibn Ziyad Imam Hüseynin (ə) Kufəyə yolunu kəsmək üçün bir neçə silahlı dəstə hazırlayıb müxtəlif istiqamətlərə göndərmişdi. Şəraf adlı məntəqədə, Zu-həsəm dağının ətəklərində Hürr ibn Yezid Riyahi adlı sərkərdənin başçılıq etdiyi belə dəstələrdən biri Imam Hüseynin (ə) karvanı ilə qarşılaşdı. Silahdaşları arasında səslənən döyüş təkliflərinə rəğmən, Imam Hüseyn (ə) Hürrün 1000 nəfərlik dəstəsinə qarşı heç bir silahlı müqavimət göstərmədi. Hürr Imam Hüseynlə (ə) qarşılaşdığını Übeydullaha yazdı. Müzakirədən sonra qərara alındı ki, Kufədən yeni xəbər gələnə kimi hər iki karvan Mədinə və Kufə yollarının arası ilə hərəkət etsin.
H. 61-ci il mühərrəm ayının 2-də Kərbəla (Neynəva) adlı yerdə Übeydullah ibn Ziyadın məktubunu Hürrə təqdim etdilər. Məktubda Hürrə əmr edilirdi ki, həmin an Imam Hüseyni (ə) köç salmağa məcbur edib növbəti əmri gözləsin. Karvan Kərbəlada köç salmağa məcbur oldu.
Bundan sonrakı bir neçə gün ərzində bir-birinin ardınca Kufədən gələn silahlı dəstələr Kərbəlada mövqe tutmağa başladılar. Übeydullah ibn Ziyadın göndərdiyi hərbi qüvvənin sayı 20 minlə 30 min nəfər arasında idi. Maraqlıdır ki, bu döyüşçülərin böyük əksəriyyətini bir neçə ay bundan əvvəl Imam Hüseynə (ə) məktub yazmış və Müslimlə beyət etmiş şəxslər təşkil edirdilər.
Kufə qoşununa məşhur səhabə Səd ibn Əbu Vəqqasın oğlu Ömər ibn Səd sərkərdə təyin olunmuşdu. Imam Hüseyn (ə) Yezidə beyət etmək barədə təkliflərə qətiyyətlə yox dedi. Onun iradəsini sındırmaq üçün Fürat çayının suyunu bağladılar. Çayın sahilində keşik çəkən kufəlilər Imam Hüseynin (ə) silahdaşlarının su götürmək üçün etdikdəri cəhdlərin qarşısını alırdılar. Mühasirədə olanlar, xüsusilə, qadın və uşaqlar susuzluqdan əziyyət çəkirdilər.
Yezid ibn Müaviyənin imzaladığı fərmanda Imam Hüseynlə (ə) tərəfdarlarını beyət etmədikləri təqdirdə qılıncdan keçirmək əmr edilmişdi. Tərəflər arasında döyüş mühərrəm ayının 10-a (aşura gününə) təyin edildi. Bundan əvvəlki gecə Imam Hüseyn (ə) öz ətrafında olanların Onu tərk edib getmələrinə icazə verdi. Öz həyatını qorumaq istəyən xeyli insan düşərgəni tərk etdi. Imam Hüseynin (ə) ətrafında sayı 100 nəfərdən bir qədər çox olan sadiq silahdaşlar qaldılar.
Aşura günü sübh tezdən döyüş başladı. Imamın silahdaşları düşmənin ilk kütləvi hücumunu çətinliklə də olsa dəf etdilər. Bundan sonra döyüş təkbətək çarpışmalar şəklində davam etdi. Əvvəlcə Imamla qohum olmayan şəxslər bir-birinin ardınca savaş meydanına çıxıb mərdliklə mübarizə apardılar. Bir qayda olaraq, düşmən əsgərləri bunlarla bacara bilmədiklərini görəndə xəyanətə əl atır, ya tənha cəngavərə hamılıqla həmlə edir, ya da onun üzərinə uzaqdan ox və daş yağdırırdılar.
Sonra növbə Əhli-beyt üzvlərinə çatdı. Imam Hüseynin (ə) öz oğlu Əli Əkbər də daxil olmaqla qardaşları, qardaşı oğulları, əmisi oğulları, əmisi nəvələri şücaətlə qılınc çalıb şəhid oldular. Imamın südəmər körpəsi düşmən oxuna tuş gəldi. Axırda Imam Hüseyn (ə) özü döyüş meydanına çıxdı. Qeyri-bərabər çaprışmada onlarla ox, nizə, qılınc və daş yarası almış Imamın başını diri-diri bədənindən ayırdılar.
Şəhidlərin kəsik başları nizələrin ucuna vuruldu. Imam Hüseynin (ə) və silahdaşlarının çadırlarındakı bütün əmlak amansızlıqla qarət edildi. Əsir düşmüş qadınların, uşaqların, o cümlədən, xəstə olduğu üçün döyüşə bilməyən Imam Zeynül-abidinin (ə) qollarına zəncir vuruldu. Əsirləri və şəhidlərin kəsik başlarını əvvəlcə Kufəyə – Übeydullah ibn Ziyadın hüzuruna, daha sonra Diməşqə – Yezidin sarayına apardılar. Yolboyu Imam Zeynül-abidin (ə) və Zeynəb bint Əli (ə) öz atəşin çıxışları ilə Kərbəla faciəsinin əsl mahiyyətini insanlara açır, Yezidlə əlaltılarının iç üzünü ifşa edirdilər. Yezid əsirləri Diməşqdə bir neçə ay saxladıqdan sonra camaatın narazılığından ehityat edərək Mədinəyə qaytarmağa məcbur oldu.
Imam Hüseyn (ə) Islam tarixində mübarizliyin, zülmlə barışmazlığın, səbr və dəyanətin simvolu sayılır. O həzrət öz hərəkatının səbəbini belə açıqlayırdı: «Mən şər işlər görmək, özümü göstərmək, fəsad və zülm törətmək üçün ayağa qalxmadım. Mənim məqsədim babam Mühəmmədin (s) ümmətini islah etmək, insanları yaxşı əməllərə çağırıb pis işlərdən çəkindirməkdir». «Mən ölümü yalnız şəhadət kimi görürəm, zalımlarla birgə (onlara tabe halda) yaşamağı isə əskiklik sayıram».
Şiə məzhəbinin siyasi ideologiyasının formalaşmasında Imam Hüseyn (ə) hərəkatının rolu əvəzsizdir. Imam Hüseyn (ə) öz şəhadəti ilə sonrakı nəsillərə nümunə olmuş, haqq uğrunda edilən çıxışların şüarına çevrilmişdir. Şiə tarixində bütün dini-siyasi hərəkatlar, mübarizə və müharibələr Kərbəla hadisəsinin təsiri altında və ondan bəhrələnmək yolu ilə həyata keçirilmişdir. Aşura faciəsindən az sonra baş vermiş təvvabin qiyamının, Muxtar hərəkatının əsas ideyası Imam Hüseynin (ə) intiqamını almaq idi. Hədislərin birində buyurulur: «Hüseynin (ə) qətli ürəklərdə elə bir hərarət yaradar ki, qiyamətə kimi sönməz».
Imam Hüseynin (ə) şəhadətindən sonra hər ilin mühərrəm və səfər aylarında Onun faciəsini yad etmək, hüznlənmək, təziyə məclisləri keçirmək ənənəyə çevrildi. Istər məsum imamların zamanında, istərsə də sonralar böyük din alimlərinin dövründə aşura hadisəsinin xatirəsi hər il yad edilmiş, Imam Hüseyn (ə) hərəkatının fəlsəfəsini açıqlayan xütbələr söylənmiş, faciənin dəhşətini əks etdirən mərsiyə və növhələr oxunmuşdur.
Imamın 4 oğlu və 2 qızı olmuşdur. Böyük oğlunun adı Əli Əkbərdir (böyük Əli). O, Imam Hüseynin (ə) Ümmi-Leyla bint Əbu Mürrə ibn Ürvə ibn Məsud Səqəfi ilə izdivacından doğulmuşdur. Ümmi-Leylanın atası ilə Muxtar əmioğlu idilər. Ümmi-Leylanın bibisi Ümmi-Səid Əli ibn Əbu Talibin (ə) həyat yoldaşı idi. Ümmi-Leylanın anası isə Meymunə bint Əbu Süfyandır (Müaviyənin bacısı). Bu baxımdan Əli Əkbər ata tərəfdən Bəni-Haşim, ana tərəfdən isə Bəni-Üməyyə və Bəni-Səqif soylarına mənsub idi. Əli Əkbər Kərbəlada şəhid olarkən təqribən 36 yaşı vardı. Sifət quruluşu baxımından Həzrət Mühəmməd Peyğəmbərə (s) çox bənzəyirmiş.
Imam Hüseynin (ə) ortancıl oğlu Imam Zeynül-abidin (ə) ləqəbi ilə tanınan Əli Əvsətdir (ortancıl Əli). O, sonuncu Sasani şahənşahı III Yəzdgürdün müsəlmanlara əsir düşmüş qızı Şəhrbanu (və ya Şahzənan) ilə izdivacdan doğulmuşdu.
Imamın Bəni-Qüzaə qəbiləsinə mənsub qadından doğulmuş oğlu Cəfər atasının sağlığında vəfat etmişdi.
Rübab bint Imrül-Qeys Kindi adlı qadınla izdivacdan isə Kərbəlada oxla vurulub şəhid olmuş südəmər Əli Əsğər (kiçik Əli; əsl adının Abdullah olduğunu yazırlar) adlı oğul və Səkinə adlı qız dünyaya gəlmişdir (Qeyd edək ki, Rübabın bacısı Müheyyat ilə Həzrət Əli (ə) evlənmişdi. Onun daha bir bacısının da Imam Həsənlə (ə) ailə qurduğunu yazırlar). Səkinənin əsl adı Aminə və ya Ümeymədir. Kərbəla faciəsini müşahidə etmiş, sonra əsirlər karvanının tərkibində Mədinəyə qayıtmışdı. Əvvəlcə Müsəb ibn Zübeyrə ərə getmiş, onun qətlindən sonra üçüncü xəlifə Osman ibn Affanın oğlu Abdullahın həyat yoldaşı olmuş, o da vəfat etdikdən sonra Ömər ibn Xəttabın oğlu Zeydlə ailə qurmuşdu. Zeyd Əməvi xəlifəsi Süleyman ibn Əbdülməlikin məsləhəti ilə ona talaq vermişdi. Səkinə savadlı qadın idi, evində dini müzakirələr, şeir məclisləri təşkil edirdi. H. 117-ci (m. 735-ci) ildə vəfat etmişdir, məzarı Mədinədədir.
Imamın digər qızı Fatimənin anası isə Təlhə ibn Übeydullahın qızı Ümmi-Ishaq idi. Ümmi-Ishaq əvvəllər Imam Həsənin (ə) həyat yoldaşı olmuş, Onun şəhadətindən sonra Imam Hüseynə (ə) ərə getmişdi. Fatimə aşura faciəsində iştirak etməmiş, xəstə olduğuna görə Mədinədə qalmışdı. Əmisi oğlu Həsəni-müsənnaya (Imam Həsənin (ə) oğluna) ərə getmiş, bacısı ilə eyni ildə dünyasını dəyişərək, Mədinədəki Bəqi məzarlığında dəfn olunmuşdur.
Imam Hüseynin (ə) Rüqəyyə adlı qızının olması, Şam xarabalığında atasının kəsik başını gördükdən sonra dünyasını dəyişməsi haqqında məlumatlar mötəbər mənbələrdə öz təsdiqini tapmayıb (bununla belə, Diməşq şəhərində Rüqəyyənin məzarı böyük ziyarətgahdır). Imamın üç oğlunun Əli adını daşıması o həzrətin öz atasına sonsuz məhəbbəti ilə izah edilir. Hətta Imam Hüseyn (ə) buyurmuşdu ki, əgər min oğlum olsaydı, hamısının adını Əli qoyardım.