Qurani-Kərimi uzanmış vəziyyətdə oxumaq olarmı?

Qurani-Kərim Allahın kəlamıdır, müqəddəsdir. Onun daxili (hökmləri) ehtirama layiq olduğu kimi, zahiri də, bir kitab olaraq ehtirama layiqdir. Müsəlmanlar Quranla Allahın kitabına layiq şəkildə hörmətli davranmalıdırlar. Qurana hörmətsizlik etmək, onu təhqir etmək böyük günahdır. Ənənəyə əsasən Quranı evdə yüksək bir yerdə saxlayırlar. Boynuna qüsl gəlmiş və ya dəstəmazsız adam Quranın yazısına toxunmamalıdır.
Oturmuş halda Quran oxuyarkən onu hündür bir yerə (kətilin ya rəhilin üzərinə) qoymaq məsləhətdir ki, ayaq səviyyəsindən və beldən yuxarıda dursun, bununla da ona hörmətsizlik edilməsin. Bəzi alimlər və övliyalar hətta oturarkən Quran qoyulmuş rəflərə sarı ayaqlarını uzatmazdılar. Quranı uzanmış vəziyyətdə oxumaq öz-özlüyündə günah iş deyil, amma bu, kənardan Qurana hörmətsizlik kimi görünərsə, edilməməsi lazımdır.