Beytül-mal nə deməkdir?

Beytül-mal ərəb dilindən tərcümədə “mal-dövlət evi” deməkdir. Dini mənbələrdə bu söz İslam dövlətinin xəzinəsi mənasında işlədılir. Müsəlmanlar tərəfindən dövlətə ödənilən vergilər, qeyri-müsəlmanların ödədiyi cizyə, fəth edilən ölkələrin verdiyi xərac, cihad zamanı ələ keçirilən əsirlərdən, ərazi və sərvətdən ibarət qənimət beytül-malın mədaxilini təşkil edir.
İslam dövlətlərində beytül-mala toplanmış əmlak və pul ölkənin abadlaşdırılmasına, dövlət məmurlarının və ordunun məvacibinə, şəhid ailələrinə, kasıb müsəlmanların yaşayışının təmin edilməsinə sərf edilirdi. Əksər müsəlmanlar yoxsulluq həddində yaşadıqlarına görə beytül-maldan pay alırdılar. Yəni beytül-mal bütün müsəlmanların arasında bərabər surətdə bölünürdü. Bu zaman nə əsil-nəsəb, nə yaş, nə də şan-şöhrət nəzərə alınırdı. Beytül-mal əmanət sayılır, çox ciddi surətdə qorunurdu. Ən xırda məbləğin hesabı belə, tam ciddiyyətlə aparılırdı. Hazırda din alimlərinin (müctəhidlərin) nəzarəti altında toplanan xüms və zəkat pulları da beytül-mal sayılır.