İslam suallarda

Küsuf və xüsuf namazları nə deməkdir?

Bu iki kəlmə ərəb dilindən götürülüb və dini terminologiyaya xasdır. Küsuf – Günəş tutulması, xüsuf isə Ay tutulması deməkdir.

Əsasən əhli-sünnə məzhəbinə aid mənbələrdə bu terminlərdən daha çox istifadə edilir. Şiə (cəfəri) fiqhinə aid kitablarda isə ümumiləşdirilmiş şəkildə ayat namazından bəhs edilir.

Cəfəri fiqhinə görə Günəş tutulması, Ay tutulması və zəlzələ zamanı ayat namazı mütləq qılınmalıdır (hətta bunlar insanı qorxuya salmayacaq dərəcədə zəif olsa belə).

Bunlardan əlavə, şimşək çaxması, qara və qırmızı küləklərin əsməsi zamanı da (əgər insanların əksəriyyəti bundan qorxarsa) ayat namazını qılmaq lazımdır. Ayat namazını qılmaq hər kəsin vacib borcudur, hətta vaxtında qılmasa, sonra qəza etməlidir.

Əhli-sünnə məzhəbləri baxımından isə Günəş tutulması zamanı küsuf namazını qılmaq təkid edilən sünnətdir, amma vacib deyil.

Ay tutulması zamanı qılınan xüsuf namazı da şafii və hənbəli məzhəblərində təkid edılən sünnət sayılır, hənəfi və maliki məzhəblərində isə buna daha az əhəmiyyət verilir və sadəcə məndub (müstəhəb) bilinir. Küsuf və xüsuf namazını zəlzələ vaxtı qılmaq hənbəli məzhəbində müstəhəb sayılır.

Hənəfi və maliki məzhəblərinə görə, zəlzələdən əlavə, ildırım çaxması, vəba xəstəliyi kimi qorxulu hadisələr zamanı da qılmaq müstəhəbdir.

Daha çox göstər
Back to top button