İslam suallarda

“Rizvan beyəti” hansı hadisədir?

Hicri 6-cı (miladi 628-ci) ildə Hüdeybiyyə məntəqəsində Həzrət Mühəmməd Peyğəmbərin (s) çağırışı ilə ətrafındakı müsəlmanlar ona beyət etdilər.

Bu hadisə tarixi mənbələrdə “Rizvan beyəti” adı ilə tanınır. Rizvan ərəb dilində həm Allahın razılığını, həm də cənnəti ifadə edir. Qurani-Kərimdə buyurulur: “And olsun ki, ağac altında sənə beyət etdikləri zaman Allah möminlərdən razı oldu.

Allah onların ürəklərində olanı bildi, onlara (öz dərgahından) arxayınlıq göndərdi və onları yaxın vaxtlarda qazanılacaq bir qələbə ilə mükafatlandırdı” (Fəth, 18).

Beyət mərasimi səmürə adlı budaqları tikanla örtülü iri səhra kolunun altında baş verdiyi üçün (Peyğəmbər onun kölgəsində durmuşdu), oradakı adamlara “əshabüş-şəcərə” də deyirlər.

Ərəb dilindən tərcüməsi “ağac sahibləri” və yaxud “ağacın yanında (altında) olanlar” deməkdir. Həzrət Mühəmməd Peyğəmbər (s) əshabüş-şəcərə haqqında buyurmuşdur: “Ağacın altında mənə beyət edənlərdən heç biri cəhənnəmə düşməz” (Səhihü Müslim və Sünənüt-Tirmizi).

Həmçinin, Peyğəmbər əshabüş-şəcərəni “yer üzünün ən yaxşı insanları” adlandırmışdı.

Daha çox göstər
Back to top button