İslam suallarda

Bərzəx həyatı nədir?

“Bərzəx” sözünün ərəb dilindən tərcüməsi “iki şeyi bir-birindən ayıran maneə” deməkdir. Coğrafıyada iki su hövzəsini ayıran quru parçasına bərzəx deyilir.

Dini anlamda bərzəx ölümdən sonrakı həyatın bir mərhələsidir. Qurani-Kərimdə buyurulur: “Onların önündə dirilib (haqq-hesab üçün Allahın hüzurunda) duracaqları günə (qiyamət gününə) qədər bərzəx vardır” (Möminun, 100).

İnsan öldükdən sonra əvvəlcə qəbirdə sorğu mələkləri tərəfindən sorğu-suala çəkilir. Daha sonra bədən çürüyüb torpağa qarışır, ruh isə dünyadakından fərqli bir formaya düşərək (buna lətif cism deyirlər) qiyamət intizarını çəkməyə başlayır.

Ruhun cismani ölümdən sonra qiyamətə kimi mövcudluq mərhələsinə bərzəx həyatı deyilir. Çünki bu, dünya ilə axirəti ayıran bir aləmdir, ikisinin arasında maneədir.

Əgər ölmüş şəxs saleh əməl sahibi və mömin idisə, bərzəx həyatında cənnətin ətrini hiss edir və Allahın mərhəmətindən həzz alır.

Əksinə, əgər cəzaya və cəhənnəm əzabına layiqdirsə, bərzəx həyatında da məyusluq və dəhşət içində qalır, öz acınacaqlı sonluğunun (yəni cəhənnəm əzabının) nə vaxt çatacağını gözləyir.

Daha çox göstər
Back to top button