İslam suallarda
Zəbur hansı kitabdır?

Allah-Taala öz peyğəmbərlərinə ayrı-ayrı səhifələr şəklində vəhylərdən əlavə, dörd səmavi kitab göndərmişdir: Tövrat, İncil, Zəbur və Quran.
Hazırda Tövrat yəhudilərin və xristianların, İncil yalnız xristianların, Quran isə müsəlmanların müqəddəs kitabı sayılır.
Zəbur (ərəb dilindən tərcüməsi “yazı” deməkdir) Bibliyanın Əhdi-ətiq (qədim əhd) qisminə daxil olan kitablardan biri və sayca 19-cusudur. Zəbur Həzrət Davud Peyğəmbərin (ə) avazla oxumuş olduğu nəğmələrin mətnindən ibarətdir.
Bu nəğmələr dini məzmunludur və Allah-təalanı vəsf edir. Zəbur 150 nəğmədən ibarətdir. İslam mənbələrində bu kitabı “Məzmur” və “Məzamir” də adlandırırlar. Müsəlmanların əqidəsinə görə, bütövlükdə Bibliyanın mətni kimi, Zəbur da sonradan təhrif edilmişdir.