İslam suallarda
Əgər insan bir əşyanın murdarlığa bulaşdığına şəkk etsə, nə etməlidir?

Şəriətimizə əsasən, hökmlər yəqinliyə və arxayınlığa əsasən verilir. Zənn və şəkk əsasında hökm vermək olmaz. İnsan müəyyən əşyanın murdar olduğunu 3 şərtlə qəbul edə bilər:
- Özü həmin əşyanın murdar olmasını yəqin bilsin (gözü ilə görsün və ya başqa yəqinlik gətirən üsulla bunu öyrənsin).
- Malın sahibi onun murdar olduğunu söyləsin.
- İki nəfər ədalətli şəxs bir əşyanın murdar olduğuna şahidlik etsin, amma murdarlığın səbəbini və mənbəyini söyləmək şərti ilə (bir nəfər ədalətli şəxsin şahidliyini də qəbul etmək məsləhətdir).
Əgər bir əşya əvvəllər pak olubsa, onun sonradan murdar olub-olmadığı barədə şəkk etmək lazım deyil, həmin əşyanı pak qəbul etmək lazımdır. Əksinə, əgər bir əşya əvvəllər murdar idisə, sonradan onun pak olub-olmadığı barədə düşünmək də artıqdır, pak olduğuna yəqinlik əldə etməyincə həmin əşya murdar sayılır.