Ramazan ayında məğrib azanından dərhal sonra əvvəlcə namaz qılmaq məsləhətdir ya iftarı açmaq?

Bunların hansını əvvəlcə etmək barədə dəqiq dini göstəriş yoxdur, yəni bunların hər hansı birini seçən şəxs günah etmir. Amma savabın çox olması baxımından azandan dərhal sonra məğrib namazını qılmaq daha yaxşıdır. Çünki namazları vaxtın əvvəlində, yəni azandan dərhal sonra qılmağın savabı böyükdür.
Amma əgər insanı iftar süfrəsi arxasında gözləyənlər varsa, bu halda əvvəlcə onlarla birlikdə iftar etmək, sonra namazı qılmaq məsləhətdir.
Əgər gözləyən yoxdursa, bu cür ortaq yol tutmaq olar: azan veriləndən sonra yüngül qida ilə – məsələn, çay və xurma ilə – iftarı açmaq, namaz qılmaq və sonra şam yeməyini yemək daha yaxşı olar. Bununla insan həm namazı vaxtın əvvəlində qılmağın savabını qazanar, həm də az miqdarda qida qəbul etməklə aclığını və susuzluğunu müvəqqəti aradan qaldırıb namaz üçün özündə güc toplayar.