İslam suallarda

Ramazan ayında bir günlük səfərə çıxan şəxs oruc tutmalıdırmı?

Ramazan ayında bir günlük səfərə çıxan səxsin orucunun hökmü bir neçə amildən, o cümlədən, səfərə günün hansı vaxtında çıxmasından və qayıtmasından asılıdır. Əgər insan zöhr zamanından (günortadan) sonra səfərə (şəriətdə səfər tələbinə cavab verən məsafədə) çıxsa, həmin günün orucunu başa vuması lazımdır. Əgər zöhrdən əvvəl səfərə çıxsa, həmin gün oruc tutmaqdan azaddır. Hətta həmin gün oruc tutsa belə, Ramazandan sayılmayacaq və qəzası onun öhdəsində olacaq. Amma gərək tərəxxüs həddinə çatana kimi orucunu pozmasın. Tərəxxüs həddi elə bir məsafədir ki, həmin məsafədə şəhərdən uzaqlaşanda insan şəhər əhalisini görmür, şəhər əhalisi də onu görmür. Zöhrdən əvvəl səfərə çıxan bu məsafəni keçəndən sonra orucunu aça bilər.

Əgər insan zöhrdən əvvəl səfərdən vətəninə qayıtsa, səfərdə ikən orucu batil edən iş görməyibsə, günün sonuna kimi orucunu davam etdirməlidir və həmin gün üçün qəza tutması lazım deyil. Əgər zöhrdən qabaq vətənə qayıdana kimi orucu batil edibsə, bu halda həmin günün orucu pozulmuş sayılır və Ramazan ayı bitdikdən sonra qəzasını tutmalıdır.

Daha çox göstər
Back to top button