Kə’bül-əhbar kimdir?

Onun adı Əbu İshaq Kə’b ibn Matedir və tabiin təbəqəsinə (səhabələrin şagirdləri) mənsub olan məşhur hədis ravilərindən biridir. İslamı qəbul etməzdən əvvəl yəhudi dininə inanmış, ona görə də, “Kə’bül-əhbar” ləqəbi ilə tanınmışdı. “Əhbar” – “həbr” sözünün cəmidir, alim, bilikli insan deməkdir. Adətən, yəhudi və xristian alimlərini belə adlandırırdılar.
Kəbül-əhbar əslən yəmən yəhudilərindən idi. Ömər ibn Xəttabın hakimiyyəti zamanı İslamı qəbul etmiş, qısa müddət ərzində Qurani-Kərimdəki Bəni-İsraillə bağlı ayələrin mahir təfsirçisi kimi tanınmışdı.
Kəbül-əhbardan rəvayət edilən xəbərlərin əksəriyyəti israiliyyat qisminə aid olub, İslam mənbələrində əsası olmayan və Tövratdan qaynaqlanan məlumatları ehtiva edir. Məhz yəhudi inancına xas olan bilikləri müsəlmanlara təlqin etməyə çalışdığı üçün Kəbül-əhbar Əli ibn Əbu Talib (ə), Əbuzər Ğifari kimi məşhur səhabələrin tənqid hədəfinə çevrilmişdi. Bu gün də dini ədəbiyyatda “Kəbül-əhbar” ifadəsi münafiq, öz sifətini gizlədən yəhudi mənasında işlədilir.
Kəbül-əhbar ömrünün sonuna yaxın Şama (Suriyaya) gedib, Hims şəhərində məskunlaşmış və hicrətin 32-ci ilində (m. 652-653-cü illər) 104 yaşında dünyasını dəyişmişdir.