Çərəkə nədir?

Bəzi Quran surələrinin və çox işlənən duaların toplandığı kitabçanı bu cür adlandırırlar. Keçmişdə uşaqlar mollaxanada Quran oxumağa başlamazdan əvvəl çərəkəni oxuyub qurtarardılar. Çərəkə mollaxanaların dərs proqramında ərəb əlifbası dərsliyinin yerini tuturdu. Bəzi məlumatlara görə, bu söz fars mənşəlidir və Quranın dörddə-bir hissəsi deməkdir.
Hal-hazırda çərəkə adətən, hüzr məclislərində, eləcə də, dini məişət ayinlərində oxunan surələrin (Ya-Sin, Rəhman, Quranın axirındakı kiçik surələr) və duaların (gündəlik namazlardan sonra oxunan dualar, Ramazan ayının duaları, Quran tapşırma, qurbanlıq, süfrə duaları, dəfn mərasiminin icra qaydası və s.) məcmusundan ibarət olur. Bütöv Quranı və irihəcmli dua kitablarını gəzdirmək çətin olduğu üçün, çərəkədən istifadə etmək din xadimləri arasında geniş yayılıb.